-3 C
Baku
Sunday, December 15, 2024

Dövlət hər bir ixracatçıya beynəlxalq sertifikat alması üçün 60 min manata qədər dəstək verəcək

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə yalnız beynəlxalq sertifikat almasına dəstək veriləcək.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

Qüvvədə olan qaydaya əsasən indiyə qədər ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edib. Dəyişikliyə əsasən isə Qaydaya “Beynəlxalq sertifikatın alınmasına dəstək” fəsil əlavə edilib. Beləliklə, beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər. Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan veriləcək və müraciət edilməsi üçün ən azı 60 günlük müddət müəyyən olunacaq. Həmin dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər. Dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və özünün rəsmi internet saytında yerləşdirəcək. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq olmamaqla) təşkil edir. Dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.

Son xəbərlər
Digər xəbərlər