“Dövlət məni artıq dolayısı ilə tanıyır”- Sənədsiz evlərin taleyi necə olacaq?

BANKER.AZ — Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev yerli media orqanlarına müsahibəsində Azərbaycanda özbaşına tikilmiş yaşayış evlərinin hüquqi statusu, onların hansı hallarda qanunsuz tikili hesab edilməsi və belə evlərə mülkiyyət hüququnun tanınması şərtləri barədə açıqlama verib. O bildirib ki, özbaşına tikiliyə mülkiyyət hüququ, bir qayda olaraq, yaranmır və belə əmlakın qeydiyyata alınması üçün hüquqi əsas olmalıdır.

Eynullayevin sözlərinə görə, tikilinin özbaşına hesab edilməsi üçün üç əsas meyar mövcuddur: tikintinin tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində aparılması, qanunvericiliklə tələb olunan icazələrin alınmaması və tikinti norma və qaydalarının pozulması.

O qeyd edib ki, torpaq sahəsi şəxsin mülkiyyətində olduğu halda belə tikiliyə mülkiyyət hüququnun tanınması məsələsinə məhkəmə tərəfindən baxıla bilər. Bunun üçün isə tikilinin digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmaması, insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmaması tələb olunur. Dövlət Xidmətinin rəsisi bildirib ki, kollektorların, su və kanalizasiya xətlərinin, yüksək gərginlikli elektrik və rabitə xətlərinin, neft və qaz borularının yerləşdiyi ərazilərdə və onların mühafizə zonalarında evlərin tikilməsi qadağandır. “Kommunikasiya xətləri ərazidən köçürülmədiyi müddətdə həmin ərazidə inşa edilmiş yaşayış evlərinin sənədləşdirilməsi mümkün deyil”, – o deyib.

Eynullayevin sözlərinə görə, 439 nömrəli Fərmana 2015-ci ildən indiyədək beş dəfə əlavə və dəyişiklik edilib. Həmin fərmanın tətbiqi nəticəsində son 10 il ərzində 100 mindən çox fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün olub. O bildirib ki, 2019-cu ildə çoxmənzilli binaların istismara qəbul prosedurlarının sadələşdirilməsindən sonra isə 55 mindən çox mənzil mülkiyyət sənədləri ilə təmin edilib.

Bununla belə, Azərbaycanda hüquqşünas və iqtisadçılar  Mətin Eynulllayevin bəzi səsləndirdiyi fikirlərə bir qədər fərqli arqumentlər gətirirlər. Onlar hər bir problemdə təkcə vətəndaşın məsuliyyətinin önə çəkilməsinin düzgün olmadığını, dövlət qurumlarının da məsuliyyətinin nəzərə alınmalı olduğunu bildirir və sənədsiz evlərin rəsmiləşdirilməsi üçün “əmlak amnistiyası” tətbiq edilməsini təklif edirlər.

“Dövlət məni artıq dolayısı ilə tanıyır”

Hüquqşünas Əkrəm Həsənov Banker.az-a müsahibəsində Eynullayevin mövqeyinin formal baxımdan doğru olduğunu, lakin məsələyə yalnız formal yanaşmağın düzgün olmadığını bildirib.

“Məsələyə formal yanaşsaq, bəli, Mətin Eynullayevin dedikləri doğrudur. Amma hər məsələyə formal yanaşmaq da düzgün deyil. Mən illərdir orada yaşayıram, dövlətin kommunal təşkilatları məni tanıyır, mən onlara ödəniş edirəm. Bəzən hətta vergi də ödəyirəm. Qurtardı. Dövlət məni artıq dolayısı ilə tanıyır”, – Həsənov deyib.

Onun sözlərinə görə, dövlət illər ərzində həmin evdə yaşayan şəxslə kommunal münasibətlər qurubsa, məsələyə başqa tərəfdən də baxmaq lazımdır.

“Bir halda ki, hər hansı kommunal xidmət yoxdur, o zaman dövlət deyə bilər ki, bu, qanunsuzdur. Məsələnin digər tərəfi də təhlükəsizlik məsələsidir. İnsanlar illərdir orada yaşayırlar. Əgər bu tikililər qanunsuzdursa, Fövqəladə Hallar Nazirliyi ən azı niyə bu işlə məşğul deyil? Əgər təhlükəlidirsə, niyə dövlət illərdir bu məsələyə müdaxilə etmir?” – hüquqşünas bildirib.

Həsənov hesab edir ki, kommunal xidmətlər göstərilən və dövlət tərəfindən faktiki olaraq tanınan evlərin statusuna ayrıca yanaşılmalıdır.

“Deməli, dövlət bunu faktiki olaraq tanıyıb. Bu halda dövlət indi gəlib deyə bilməz ki, ‘yox, bu qanunsuzdur’”, – deyə Həsənov bildirib.

Ə.Həsənov belə hallarda “əmlak amnistiyası” tətbiq edilməsini təklif edib.

“Dövlət bəyan etməlidir ki, kimdə bu meyarlar varsa, məsələn, kommunal xidmətlərdən istifadə edirsə və dövlət tərəfindən faktiki tanınırsa, həmin əmlak tanınmalıdır. Qurtardı-getdi, çıxarış verilməlidir. Sonra da bəyan edilməlidir ki, bundan sonra kim belə tikili inşa edərsə, məsuliyyətə cəlb olunacaq”, – Həsənov deyib.

Hüquqşünas həmçinin qanunsuz tikililərlə bağlı dövlətin məsuliyyət məsələsini gündəmə gətirib.

“Yeri gəlmişkən, bu, əslində cinayətdir. Qanunsuz tikili tikmək cinayətdir. Bax, niyə Mətin Eynullayev demir ki, qanunsuz tikili tikmək əslində cinayətdir? Niyə bu qədər insanı dövlət cinayət məsuliyyətinə cəlb etməyib? Cinayət Məcəlləsində bununla bağlı azadlıqdan məhrumetmə cəzası da var. Niyə məsuliyyətə cəlb etməmisiniz? Deməli, hesab etmisiniz ki, bu, qanunidir”, – Həsənov bildirib.

“Günah kimdədir?”

İqtisadçı Natiq Cəfərli də Eynullayevin açıqlamasının vətəndaşların məsuliyyətini ön plana çıxardığını bildirib və dövlət qurumlarının rolunun da müzakirə edilməli olduğunu deyib.

“Hörmətli Mətin müəllim, vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz, yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı?! Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdırlar?!” – Cəfərli bildirib.

İqtisadçı xüsusilə sənədsiz evlərə dövlət şirkətləri tərəfindən illərlə kommunal xidmət göstərilməsinə diqqət çəkib.

“Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyub illərdir işıq-qaz-su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı?! Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?! Vətəndaş illərlə kommunal xidmət ödəyibsa, bu ona hansısa üstünlüklər verirmi?!” – deyə Cəfərli bildirir.

Cəfərli bildirib ki, problemin yaranmasında tikintiyə nəzarət edən dövlət qurumlarının da məsuliyyəti müzakirə olunmalıdır.

“Yanaşma birtərəfli ola, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz – vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu sullara aydın, ədalətli cavablar olmalıdır, onillərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz”, – o bildirib.

Cəfərli problemin həlli üçün “əmlak amnistiyası” təklif edib.

Hüquqşünas deyir ki, məhkəmə yolu açıqdır

Hüquqşünas Pərviz Məmmədov Banker.az-a müsahibəsində isə Eynullayevin qeyd etdiyi hüquqi çərçivəni izah edərək bildirib ki, müəyyən şərtlər daxilində özbaşına tikiliyə mülkiyyət hüququ məhkəmə qaydasında tanına bilər.

“Qanunvericiliyə əsasən, özbaşına tikinti aparmış şəxs, bir qayda olaraq, həmin tikili üzərində birbaşa mülkiyyət hüququ əldə etmir. Bununla belə, müəyyən hüquqi şərtlər mövcud olduqda, belə tikiliyə mülkiyyət hüququnun məhkəmə qaydasında tanınması mümkündür”, – Məmmədov deyib.

Məmmədov bildirib ki, məhkəməyə müraciət edən şəxs tikilinin onun tərəfindən inşa edildiyini və müvafiq norma və qaydalara uyğun olduğunu sübut etməlidir. Bunun üçün tikintiyə çəkilmiş xərcləri təsdiq edən sənədlər, tikilinin norma və qaydalara uyğunluğuna dair rəylər və digər zəruri sənədlər təqdim oluna bilər.

“Sənədsiz tikilmiş evin sənədləşdirilməsi üçün torpaq sahəsinə mülkiyyət sənədinin olması ilkin şərtdir. Çünki məhkəmə özbaşına tikiliyə mülkiyyət hüququnu yalnız o şəxs üçün tanıya bilər ki, tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olsun”, – hüquqşünas bildirib.

Məmmədov həmçinin tikilinin şəhərsalma, tikinti, texniki, ekoloji, sanitar və yanğın təhlükəsizliyi normalarına uyğun olmasını və digər şəxslərin hüquqlarına zərər vurmamasını əsas şərtlər kimi göstərib.

Deputat, iqtisadçı Vüqar Bayramov da Banker.az-a müsahibəsində bildirib ki, sənədsiz evlər probleminin həlli ilə bağlı konsepsiya hazırlanıb və həmin konsepsiyaya uyğun olaraq qeydiyyatsız evlərin sənədləşdirilməsi həyata keçiriləcək. “Burda söhbət konsepsiyadan və konsepsiyaya uyğun olaraq da yeni qaydaların tətbiqindən gedir”, – Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik çıxarışların verilməsi ilə bağlı bütün qaydaları ehtiva edir və yeni konsepsiyanın hazırlanması ilə həmin qanunvericilik çərçivəsində çıxarışların verilməsi mümkün ola bilər. “Qanunverici baza praktiki olaraq çıxarışların verilməsi ilə bağlı bütün qaydaları ehtiva edib”, – deputat bildirib.

Bayramov vurğulayır ki, ilkin mərhələdə 2001-ci ilədək inşa edilən evlərə sənədlərin verilməsi gözlənilir və bu proses 100 mindən artıq evi əhatə edə bilər. “Daha sonra isə mərhələli olaraq digər evlərə də sənədlərin, çıxarışların verilməsi mümkün olacaq”, – o deyib.

“Son açıqlamalar da göstərir ki, bu istiqamətdə artıq işlər intensivləşib. Yəni bu o deməkdir ki, biz artıq konsepsiya təsdiq olunduqdan sonra yaxın zamanlarda uzun müddət müzakirə edilən qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesini müşahidə edə bilərik. Bu da təbii ki, vətəndaşlarımızın mülkiyyət hüquqlarının tanınmasına, onların öz əmlakından daha səmərəli şəkildə istifadəsinə imkan yaradacaq”- deyə, deputat bildirir.


Mənbə: BANKER.AZ

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər