7 C
Baku
Thursday, December 12, 2024

Dövlət Neft Fondu 1 gündə 468 milyon dollar itirdi

Dünya bazarları Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq (Brexit) qərarından sonra çalxalanır. Sabitliyi ilə seçilən ingilis funt-sterlinqi əsas dünya valyutaları qarşısında dəyər itirib. İngilis pulunun dəyər itirməsinin Azərbaycan təsirinə gəlincə, ilk ağıla Dövlət Neft Fondunun bu ölkəyə investisiyası gəlir.

“Bu, 88 milyon funt-sterlinq itki deməkdir”

İqtisadiyyat eksperti Qubad İbadoğlu AzadlıqRadiosuna açıqlamasında deyir ki, DNF aktivlərinin 5 faizə qədərini funt sterlinqdə saxlayır: «Aprelin 1-ə olan məlumata görə, DNF-nin 1 milyard 150 milyon 700 min funt-sterlinq aktivi var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq 1 gündə 7.66 faiz dəyər itirib. Bu, 88 milyon funt-sterlinq və ya 115 milyon dollar itki deməkdir».

Fond avro aktivlərində 281.3 milyon itirib

Ekspert qeyd edir ki, Britaniyadakı referendum nəticəsində avro da 1 gündə 2.64 faiz dəyərsizləşib: “DNF-nin aktivlərinin 35.5 faizi də bu valyutada saxlanılır. Bu isə 10 milyard 655 milyon 800 min avro deməkdir. Belə olan halda da DNF-nin avro ilə olan aktivləri 1 gündə 281.3 milyon avro və ya 326 milyon dollar dəyər itirib”.

Q.İbadoğlu bildirir ki, bu iki valyuta ilə bağlı DNF-nin itkisi bütünlükdə 427 milyon dollar olub.

“Bu barədə artıq analitiklər proqnozlar verirdi. Odur ki, DNF-nin bu prosesləri müşahidə etməsi müəyyən suallar doğurur”, – deyə Q.İbadoğlu qeyd edir.

Fondun Avropadaki əmlaklari da ucuzlaşib

Ekspert yada salır ki, fond Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən və dəyəri 177 milyon 350 min funt-sterlinq olan ofis kompleksi alıb. Habelə bura Parisdə 135 milyon avroluq ofis və Milan şəhərinin tarixi biznes mərkəzində 97 milyon avroya alınan «Palazzo Turati» ofis binasından ibarət daşınmaz əmlak kompleksi də daxildir: «Londondakı kompleks məlum səbəbdən 13.5 milyon funt-sterlinq və ya 18.6 milyon dollar, Parisdə olan ofis kompleksi isə 4.8 milyon avro və ya 5.6 milyon dollar dəyər itirib. Milandakı ofis isə 2.56 milyon avro və ya 3 milyon dollar ucuzlaşıb. Beləliklə, 1 gündə DNF-nin aktivləri funt-sterlinqin və avronun dollara nisbətdə dəyərdən düşməsinə görə 468.5 milyon dollar azalıb».

Ekspert qeyd edir ki, bu hesablamalar məzənnə nisbiliyindən asılı olaraq azala və ya arta bilər. «Hazırda gedən tendensiya artıma doğrudur. Yəni, DNF məzənnə itkisinə daha çox məruz qalır»,-deyə o qeyd edir.

Azadlir.org

 

Son xəbərlər
Digər xəbərlər