15 C
Baku
Saturday, April 20, 2024

Dövlət Neft Fondu AÇG-dən $140 mlrd-dan çox gəlir əldə edib

2019-cu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından $2 mlrd. 243 mln. məbləğində gəlir əldə edib. Bu barədə  fonddan məlumat verilib.

“2019-cu ilin yanvar-mart aylarında AÇG yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından ARDNF-in gəlirləri $2 mlrd. 243 mln. təşkil edib. Bundan başqa, hesabat dövründə “Şahdəniz” yatağından hasil edilən kondensatın satışından fonda $91 mln. məbləğində vəsait daxil olub”, – deyə məlumatda bildirilir.

Bütövlükdə, 2001-ci ildən 2019-cu il aprelin 1-dək AÇG blokundan hasil edilən mənfəət neftinin satışından fonda $140 mlrd. 450 mln. məbləğində vəsait daxil olub.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər