18 C
Baku
Thursday, May 29, 2025

Dövlət Neft Fondu “ADNOC”a $50 mln. investisiya yatırdı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Banker.az-a bu barədə məlumat ARDNF-dən daxil olub.

Bu investisiya ARDNF-nin dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun KƏŞ regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlmişdir. Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.

“AGPA” Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “AGPA” və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırıla bilən gəlir axınını təmin edir. “AGPA”, qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlamışdır. Uzunluğu 982 kilometr təşkil edən “AGPA” şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.

ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib: “AGPA” uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz “Lunate” şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq.”

“Lunate” şirkətinin Baş tərəfdaşı Nabel Qadir isə qeyd edib: “ARDNF-yə BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım “Lunate” şirkətinin müştəriləri və tərəfdaşları üçün qlobal və yerli bazarlarda fərdi yanaşma əsasında yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir.”

“Lunate” haqqında

“Lunate” Əbu-Dabidə yerləşən qlobal alternativ investisiya şirkətidir. Şirkət dünya üzrə 200-dən çox əməkdaşa və idarəetməsində 110 milyard ABŞ dollarından artıq aktivlərə malikdir. “Lunate” özəl bazarlarda, o cümlədən alqı-satqı, artım kapitalı, vençur kapitalı, özəl kreditlər, real aktivlər, habelə kotirovka olunan səhmlər və kreditlər sahəsində investisiyalar həyata keçirir. “Lunate”, fərdi idarə olunan hesablar (SMA-lar) və çoxaktivli fondlar vasitəsilə özəl bazar həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilməyi və müştəriləri üçün riskə uyğunlaşdırılmış gəlirlilik təmin etməyi hədəfləyir.

 

Son xəbərlər
Digər xəbərlər