Cari il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “VTB Bank”a investisiyadan 1 187 041 224 Rusiya rublu (RUR) və ya 19 132 311 ABŞ dolları divident gəliri əldə edib.
Fonddan bildirilib ki, ümumilikdə ARDNF “VTB Bank”a ilkin investisiya tarixindən 30 sentyabr 2018-ci il tarixinədək 2 792 223 305 Rusiya rublu (51 325 253 ABŞ dolları) divident gəliri əldə edib. Banker.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib.
“Nəzərinizə çatdırırıq ki, ARDNF-nin yatırımları uzunmüddətli investisiya strategiyası rəhbər tutulmaqla cari və perspektiv bazar mühiti nəzərə alınaraq həyata keçirilir. Bu əsasda investisiya imkanlarının ətraflı təhlili aparılır və ümumi investisiya portfeli kontekstində investisiya seçimləri dəyərləndirilir. Təbii ki, Rusiya bazarı və eləcə də adıçəkilən banka yatırımlar da bu kontekstdə dəyərləndirilir və hal-hazırda VTB bankına əlavə investisiya qoyuluşu nəzərdə tutulmayıb”, – deyə məlumatda vurğulanıb.