14 C
Baku
Sunday, September 29, 2024

Dövlət Neft Fondu daha 50 mln. dolları satışa çıxarır

Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən ABŞ dollarının satışı həyata keçiriləcək. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. dollar çıxarması planlaşdırılır.

Analitika qrupu Report hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir və AMB-nin yenidən manat intervensiyasına gedəcəyi gözlənilir: “Belə olacağı halda, sabahkı rəsmi məzənnənin 1,5094 AZN/USD səviyyəsinə kimi irəliləməsi mümkündür. Nağd valyuta bazarında da alış-satış məzənnəsinin cüzi artması gözlənilir”.

Qeyd edək ki, bü günə rəsmi məzənnə 1,5056 AZN/USD təşkil edir.

Aprelin 26-da keçirilmiş sonuncu valyuta hərracında ARDNF tərəfindən hərraca çıxarılan 50 mln. dolların 4,9 mln. dolları 5 kommersiya bankına və 30 mln. dolları isə AMB-yə satılıb.

Qeyd edək ki, xarici valyutaya olan tələbatın azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. “Report”un analitik qrupu hesab edir ki, neft qiymətlərinin yüksəlməsi, pozitiv qlobal iqtisadi konyunktur və yay aylarına doğru turizm mövsümünün başlaması ilə bazarda dollar bolluğu yaranacaq. Belə olduğu halda, AMB valyuta hərraclarının həftəlik sayını hətta 1 dəfəyə endirə bilər.

Son xəbərlər
Digər xəbərlər