12 C
Baku
Friday, November 15, 2024

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı

SOFAZ məlumat yaydı.

2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) büdcə gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard 42,1 milyon manat təşkil edib.

Bu barədə Oxu.Az-a SOFAZ-dan bildirilib.

Fondun məlumatına görə, 2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.

“Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 milyard 13,4 milyon manat təşkil edib” – deyə, Neft Fondu qeyd edib.

Bundan əlavə, hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb.

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılıb. 5,9 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.

“2015-ci il iyulun 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 3,56% azalaraq 35 milyard 783,3 milyon ABŞ dollarına bərabər olub. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır” – deyə, fond qeyd edib.

Son xəbərlər
Digər xəbərlər