1 C
Baku
Saturday, December 14, 2024

Dövlət Neft Fondu Seulda yarım milyard dollara yaxın daşınmaz əmlak alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini satın alıb.
ARDNF-dən  daxil olan məlumata görə, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən “Miraye” Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilib.

Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır.

“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində – aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılıb və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.

Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır.

Binanın ümumi ərazisi təqribən 65 min kvadratmetr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&K Qrup” tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş daşınmaz əmlak investisiyası barədə qeyd edib: “Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və nəhayət bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik”.

Xatırladaq ki, Dövlət Neft Fondu indiyə qədər Moskva, London və Parisdə daşınmaz əmlak alıb. Bununla da ARDNF-nun aldığı əmlakların dəyəri təxminən 1 milyard dolları ötüb.

Qeyd edək ki, Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 1 mart 2014-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 319 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli fərmanı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

emlak1

seulda_emllak_010414

seulda_emllak_010414_3

Trend.az

Son xəbərlər
Digər xəbərlər