2017-ci ildə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, makroiqtisadi dayanıqlığın təmin edilməsi istiqamətində qəbul edilmiş qərarlar məzənnə rejiminin çevikliyinin daha da artırılmasına əlverişli zəmin yaradıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.
Bildirilir ki, 2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən, ümumilikdə 99 valyuta hərracı keçirilib. Dövr ərzində ARDNF-nin xarici valyuta satışları 3 597,8 mln. dollar təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 26,3% azdır.
Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberg” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 1,065 mlrd. dollar olub.
“2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə – 1.9200 manata qalxıb, 06.12.17 tarixində isə minimum həddinə – 1.7000 manata enib. 2017-ci ilin sonuna manata nəzərən dollar ilin əvvəlindən 4% ucuzlaşıb. İl ərzində dolların manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1,7206 manat təşkil edib. İl ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 4,1% bahalaşıb,” – deyə icmalda qeyd olunub.