2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 mlrd. 127,2 mln. manat, büdcə xərcləri isə 5 mlrd. 533,8 mln. manat təşkil edib.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 mlrd. 458,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 mlrd. 443,1 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 9,7 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 mln. manata bərabər olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 mlrd. 991 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 mln. manat vəsait ayrılıb. 4,7 mln. manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 9,2 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 98,4 mln. manat təşkil edib.
2017-ci il iyulun 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33,147 mlrd. dollar) nisbətən 4,96% artaraq 34 mlrd. 790,9 mln. dollara bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.