Dövlət Neft Fondunun aktivləri 73.52 mlrd. dollar olub – rüblük cüzi azalma

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 541,5 milyon ABŞ dolları (125  mi20,5 milyon manat), 2026-cı il mart ayının 31-nə isə, 73  milyard 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil etmişdir.

Banker.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bu rüblük 0.03% azalmadır

2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyard 180 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 803,1 milyon manat olmuşdur. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 376,8 milyon manat təşkil etmiş, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 117,9 milyon manat olmuşdur. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınmışdır. Büdcə xərcləri hesabat dövrü üzrə 3 223,5 milyon manat təşkil etmişdir.

ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 803,1 milyon manat olmuşdur, o cümlədən:
mənfəət neftinin və qazın satışından 1 milyard  802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 1 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olmuşdur.

Büdcə xərcləri:

  • Büdcəyə transfert. Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 210,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
  • Layihə xərcləri. 2026-cı ilin yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilmişdir, o cümlədən:
  • “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat,
  • “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.
  • İdarəetmə xərcləri.Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2026-cı ilin ilk rübü ərzində qlobal maliyyə bazarları artan geosiyasi gərginliklər və davam edən qeyri-müəyyənlik fonunda bir çox aktiv sinifləri üçün çətin mühit yaratmışdır. Belə ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə vermişdir. Həmçinin, ARDNF-nin özəl səhm, daşınmaz əmlak və infrastruktur investisiyaları da rüb ərzində müsbət gəlirlilik göstərmişdir.

Aparıcı inkişaf etmiş ölkələrin istiqraz bazarlarında gəlirlilik dərəcələri ilin ilk iki ayı ərzində azalma tendensiyası göstərmiş, lakin mart ayında Yaxın Şərq regionunda baş verən gərginlik fonunda artan enerji qiymətləri və inflyasiya gözləntilərinin güclənməsi səbəbindən yüksəlmişdir ki, bu da istiqrazların qiymətlərinə mənfi təsir etmişdir. Bu dinamika daha çox Avropa bazarlarına təsir etsə də, ABŞ dollarında emissiya edilmiş borc öhdəlikləri portfeli nisbətən dayanıqlığını qorumuşdur.

Qlobal səhm bazarları rübün ilk iki ayı ərzində müsbət nəticələr göstərmiş, sonradan isə baş verən geosiyasi gərginliklər səbəbindən geriləmişdir.

Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlamışdır. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurmuşdur ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər