Səhmdarlarından biri Azərbaycan Dövlət Neft Fondu (ARDNF) olan Rusiyanın “VTB Bank”ı 2024-cü ilin nəticələrinə əsasən tənzimlənmənin sərtləşdirilməsi və yüksək faiz dərəcələri səbəbindən dividend ödəməkdən imtina etməyi tövsiyə edəcək.
Bu barədə bankın İdarə Heyəti sədrinin birinci müavini Dmitri Pyanov məlumat verib.
“Kapital adekvatlığını artırmaq imkanımıza təsir edən və eyni vaxtda baş verən misli görünməmiş sayda mənfi amil səbəbindən, rəhbərlik olaraq, 2024-cü ilin yekunlarına əsasən dividend ödəməməyi təklif edəcəyik”, – deyə o bildirib.
“VTB Bank” 2021-2023-cü illərin nəticələri üzrə də dividend ödənişini həyata keçirməyib. Bankın baza ssenarisinə əsasən, ödənişlərin 2025-ci ilin sonuna qədər bərpa edilməsi nəzərdə tutulur. Bununla belə, D.Pyanovun sözlərinə görə, dividendlərin ödənilməsi təkcə 2025-ci ilin mənfəəti ilə deyil, həm də tənzimləyici çərçivə, makroiqtisadi və geosiyasi şəraitlə müəyyən ediləcək.
2024-cü ildə “VTB Bank” Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olaraq xalis mənfəətini 28 % artıraraq 551,4 milyard rubla (6,3 milyard ABŞ dolları) çatdırıb. 2025-ci ildə isə bank 430 milyard rubl (indiki məzənnə ilə 4,9 milyard ABŞ dolları) mənfəət əldə etməyi planlaşdırır.
“VTB Bank”ın əsas səhmdarı Rusiya Federasiyası hökumətini təmsil edən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlikdir və bankın nizamnamə kapitalının 60,93 %-nə sahibdir. Qalan səhmlər GDR sahibləri və minoritar səhmdarlar – fiziki və hüquqi şəxslər arasında bölüşdürülüb.
2021-ci il üzrə səhmdarlar arasında Azərbaycan Dövlət Neft Fondu (2,95 %), “Qatar Holding LLC” (2,35 %) və “Otkrıtiye” Qeyri-dövlət Pensiya Fondu (3,2 %) yer alıb. ARDNF 2013-cü ildən “VTB Bank”ın səhmdarıdır və bu müddət ərzində banka yatırılan investisiyalar qarşılığında Fonda ümumilikdə 3,9 milyard rubl dividend ödənilib.