Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2020-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 9 360.8 milyon manat, büdcə xərcləri isə 12 425.3 milyon manat təşkil etmişdir. Bu barədə Banker.az-a ARDNF-dən bildirilir.
2020-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 382.2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 587.3 milyon manat, bonus ödənişləri 767.8 milyon manat, akr hesabı ödənişləri 6.7 milyon manat, tranzit gəlirləri 20.4 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 978.6 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 21.1%-ni təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 3 473.9 milyon manat təşkil etmişdir.
BÜDCƏYƏ 12.2 MLRD. TRANSFERT
Ötən il ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 12 200 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4.1 milyon manat yönəldilmişdir. 2020-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 21.2 milyon manat təşkil etmişdir.
2021-ci il yanvarın 1-ə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323.3 milyon ABŞ dolları) nisbətən 0.56% artaraq 43 564.3 milyon ABŞ dollarına bərabər olmuşdur. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına ARDNF-nin aktivlərinin həcmində artım baş vermişdir. Qeyd edək ki, sözügedən dövr ərzində büdcədənkənar və idarəetmə gəlirlərinin həcmi ümumilikdə 3.2 milyard ABŞ dolları təşkil etmişdir.