Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirilən Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin seçimi Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.
Banker.az xəbər verir ki, bu, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qayda”sında əksini tapıb.
Qaydaya əsasən, Proqram iştirakçılarının xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə təhsili Dövlət Neft Fondunun vəsaiti, beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qayda ilə müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Təhsil Nazirliyi və proqram iştirakçısı arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Nazirliyin nəzdində yaradılmış Dövlət Proqramının idarəetmə qrupu tərəfindən icra olunur.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün
vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında bu Qaydada göstərilən subyektlər tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür.
Proqram iştirakçılarının xərclərinin nələrdən ibarət olduğu məlum olub.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi onların aşağıdakı xərclərini əhatə edir:
-təhsil xərcləri;
-viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;-aylıq yaşayış xərcləri;
-tibbi sığorta xərcləri;
-beynəlxalq nəqliyyat xərcləri;
-bank və plastik kart xərcləri.
Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilməyəcək.
Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən mütləq tələb olunan xərclər
aiddir.
Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat
xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması xərcləri aiddir.
Aylıq yaşayış xərclərinə yataqxana və ya mənzil kirayəsi, qidalanma, tədris materialları ilə təminat və digər xərclər (şəhərdaxili nəqliyyatdan istifadə, telefon danışıqları və s.) aiddir. Bu xərclər proqram iştirakçısının tədris ilinin başlanması və bitməsi tarixləri üzrə təhsil aldığı ölkədə olduğu dövrü əhatə edir.
Proqram iştirakçısının aylıq yaşayış xərclərinin məbləği və valyutası bu Qaydanın əlavəsinə uyğun olaraq müəyyən edilir.
Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddəti ərzində tibbi sığortası üçün ödənilən icbari sığorta haqqı aiddir.
Eyni zamanda, fors-major hallarında (baş verən zəlzələ, yanğın, təbii fəlakət, müharibə və digər fövqəladə hallar) və ya proqram iştirakçısının təhsil aldığı ixtisas iki və ya daha artıq ölkənin ali təhsil müəssisəsində aparıldığı halda icbari tibbi sığorta üçün ödənilən sığorta haqqı da bu xərclərə aid edilir.
Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün tədris ilinin əvvəlində bir dəfə təhsil yerinə gedişi və tədris ilinin sonunda Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Fors-major hallarında uçuşla bağlı icbari qaydada tələb olunan tədbirlərə görə xərclər beynəlxalq nəqliyyat xərclərinə aid edilir.
Bank və plastik kartların xərclərinə proqram iştirakçılarının təqaüd kartlarına görə tələb edilən illik xidmət haqqı və təhsilinin maliyyələşdirilməsi ilə bağlı bank xidmətləri haqqının ödənilməsi xərcləri aiddir.