2022-ci ilin yanvar-noyabr ayları ərzində 332.343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27.305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9% artıb.
Bu barədə Banker.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
11 aylıq göstəricinin 77.733-ü (23,4%) ilkin, 254.610-u (76,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 45.033-ü fərdi yaşayış və bağ evi, 84.273-ü mənzil, 192.156-sı torpaq sahəsi, 3.231-i qeyri-yaşayış binası, 6.857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 11 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.