10 C
Baku
Thursday, December 12, 2024

Dövlət qurumları büdcəyə nə qədər vəsait daxil edib?

Operativ məlumatlara əsasən, 2020-ci il üzrə dövlət büdcəsinin mədaxili 24 124 milyon manat proqnoza qarşı 24 679,2 milyon manat və yaxud 102,3% icra olunub ki, bu da 2019-cu illə müqayisədə 461,1 milyon manat və yaxud 1,9% çoxdur.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 10 677,2 milyon manat və yaxud 105,4% icra edilib ki, bu da 2019-cu illə müqayisədə 63,7 milyon manat və yaxud 0,6% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 387,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 197,2 milyon manat və yaxud 2,7% çoxdur.

Həmin vəsaitin 75,6%-i və yaxud 5 585,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 185,1 milyon manat və yaxud 3,4%, 2019-cu illə müqayisədə 153,1 milyon manat və yaxud 2,8% çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 938,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 108,2 milyon manat və yaxud 2,8% çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdə transfert, yəni 12 200 milyon manat vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 596,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 207,9 milyon manat və yaxud 25,9% az, 2019-cu illə müqayisədə isə 17,2 milyon manat və yaxud 3% çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə dövlət əmlakının icarəyə verilməsindən daxilomalar üzrə 10,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 2,3 milyon manat və yaxud 28,8% çoxdur.

Dövlət büdcəsinə sair daxilolmalar üzrə 547,4 milyon manat vəsait daxil olub.

Operativ məlumatlara əsasən 2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1% və yaxud 26 416,3 milyon manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 1 990,4 milyon manat və yaxud 8,1% çoxdur.

Dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

2020-ci il dövlət büdcəsi xərclərinin 16 364,0 milyon manatı və yaxud 62%-i cari xərclərə yönəlib ki, bu da 2019-cu illə müqayisədə 2 835,1 milyon manat və yaxud 21% çoxdur. Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşılanmasına 2 039,9 milyon manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609 milyon manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 milyon manat vəsait yönəldilib.

2020-ci ilin dövlət büdcəsindən 8 326,1 milyon manatı və yaxud 31,5%-i əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 milyon manat və yaxud 11,2% az), 1726,2 milyon manatı və yaxud 6,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 milyon manat və yaxud 13,2% çox) yönəldilib.

2020-ci ildə 2019-cu illə müqayisədə səhiyyə xərclərinə 1,9 dəfə və yaxud 814 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 36,2% və yaxud 828,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərclərinə (cari xərclər, dövlət investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 36,1% və yaxud 1072,6 milyon manat, təhsil xərclərinə 26,4% və yaxud 579,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərə 21% və yaxud 317,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 7,3% və yaxud 23,2 milyon manat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 2,1% və yaxud 22,7 milyon manat çox vəsait yönəldilib.

Dövlət büdcəsi xərclərinin 36,5%-i və ya 9 652 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 1 890,7 milyon manat və yaxud 24,4% çoxdur.

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3 787,5 milyon manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 426,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu illə müqayisədə 1 072,6 milyon manat və yaxud 36,1% çoxdur.

Prezidentin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə 1 985,6 milyon manat vəsait istifadə olunub.

Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib.

Bununla yanaşı, qlobal pandemiya ilə bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 334,1 milyon manat vəsait sərf olunub.

Qeyd olunan vəsait hesabına pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə özəl sektorda çalışan 243 min nəfərdən çox işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, 107 mindən çox fərdi (mikro) sahibkara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, sahibkarlığın inkişafına əlavə dövlət dəstəyinin göstərilməsi, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına uyğun olaraq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə əlavə ödənişli ictimai iş yerlərinin yaradılması, həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması, respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin ödənilməsi, əhaliyə güzəştli işıq limitinin 2020-ci ilin aprel-may aylarında 100 kvts. həcmində artırılması ilə bağlı xərclər maliyyələşdirilib.

2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardımlar göstərilib.

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilib. Həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzil tikintisinə, 71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılmış və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib ki, onun da 565,6 milyon manatının dövlət büdcəsindən, 200 milyon manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.

Qeyd olunan vəsaitin 360,2 milyon manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 milyon manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 milyon manat) yönəldilmiş, 407,4 milyon manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunub.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 402,7 milyon manat vəsait yönəldilibki, bu da 2019-cu illə müqayisədə 63,3 milyon manat və yaxud 18,7% çoxdur.

2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilmiş yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiya, o cümlədən əkin, məhsul, toxum, heyvan, arı və barama subsidiyaları verilməsinə başlanılıb.

Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsalçılarının lizinqə götürdüyü və satınalınan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20%-i ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40%-i həcmində güzəşt tətbiq edilib.

Qeyri-neft məhsullarının ixracının təşviqi üçün 2020-ci ilin dövlət büdcəsindən 12,7 milyon manat vəsait sərf edilib.

2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

Kütləvi informasiya vasitələrinin (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.

Vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunması, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.

2020-ci ilin dövlət büdcəsindən investisiya xərclərinə 4 751,7 milyon manat vəsait yönəldilib.

Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 648,4 milyon manat, müdafiə və hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi, əsaslı təmiri və yenidən qurulması üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 755,1 milyon manat vəsait istifadə olunub.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 2 514,4 milyon manat vəsait yönəldilibr.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 798,9 milyon manat məbləğində vəsait ölkəmizdə yolların, kanalizasiya sistemlərinin, su təchizatı, kənd təsərrüfatı və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına istifadə olunub.

Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 34,9 milyon manat vəsait sərf edilib.

Hesabat ilində əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.

2020-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə “Büdcə sistemi haqqında” qanunun 19.6-cı maddəsinə müvafiq olaraq 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub.

Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına, 139,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və s. təyinatlı infrastruktur layihələrinin, 23,4 milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.

2020-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri tam məbləğdə və yaxud 300 milyon manat icra edilib ki, bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına yönəldilmişdir.

2020-ci ildə dövlət borcuna xidmətlə əlaqədar xərclərə dövlət büdcəsində nəzərdə tutulmuş 1 726,2 milyon manat vəsait yönəldilərək istifadə olunub.

2020-ci ilin dövlət büdcəsində beynəlxalq fəaliyyət, beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara üzvlüklə bağlı və digər xərclərə 179,7 milyon manat vəsait sərf olunub.

2020-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının 73 diplomatik nümayəndəlik və konsulluqların, xarici ölkələrdə ticarət nümayəndəliklərinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 113,3 milyon manat vəsait yönəldilib.

2020-ci ildə dövlət büdcəsinin kəsiri 1737,1 milyon manat, ümumi daxili məhsulun 2,4%-ni təşkil edib və yaxud proqnozlaşdırılan kəsir məbləğindən 1 631,1 milyon manat və yaxud 48,4% az olub.

Kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.

Operativ məlumatlara əsasən 2020-ci ilin icmal büdcəsinin gəlirləri 24 462,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 2 099,6 milyon manat və yaxud 9,4% çoxdur.

2020-ci ilin icmal büdcəsinin xərcləri 29 160,3 milyon manat olub ki, bu da 2019-cu illə müqayisədə 2 654,2 milyon manat və yaxud 10% çoxdur.

İcmal büdcənin kəsiri 4 697,8 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 40,9% azdır.

Son xəbərlər
Digər xəbərlər