Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti iki şirkətlə 23 milyon manatlıq müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, qalib şirkətlər “Bakelektro” ASC və “Körpü-Bina-Tikinti” MMC-dir.
Müqavilələrdə müvafiq olaraq “Azərbaycan rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması” (400 ədəd) obyekti tərkibində 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması və Şəmkir maşın kanalının ıı növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi (ıı mərhələ) nəzərdə tutulub.
“Bakelektro” ASC ilə bağlanmış müqavilənin məbləği 8 milyon 888 min manat, “Körpü-Bina-Tikinti” MMC ilə bağlanan müqavilənin məbləği isə 14 milyon 410 min manatdır.
İki müqavilənin cəmi məbləği isə 23 milyon 298 min manatdır.
Onu da qeyd edək ki, “Bakelektro” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 61 608 AZN və qanuni təmsilçisi Emin Rzayev Hüseynağa oğludur. “Körpü-Bina-Tikinti” MMC isə 2001-ci ildə fəaliyyətə başlayıb, nizamnamə kapitalı 300 000 AZN-dir və qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur.