Ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident Administrasiyası publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 15 gün müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, açıq məkanda reklam yerləşdirilməsi “Reklam haqqında” qanunla müəyyən edilmiş qaydada davam etdiriləcək.
“Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru təyin edilsin.” – deyə sərəncamda deyilir.