8 C
Baku
Tuesday, December 16, 2025

Dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin siyahısı genişləndirilir

Dövlət rüsumu ödəməkdən azad olunan şəxslərin siyahısı genişləndirilir.

Bu məsələ Milli Məclisin növbəti plenar iclasında müzakirə ediləcək.

Sənədə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə ediləcək.

Qanun layihəsi məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.

Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda “Dövlət rüsumu haqqında” qanuna əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən edilmişdir, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilmişdir.

Məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçinin uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə ərizə verilməsi üzrə dövlət rüsumundan azad edilməsi onların məhkəməyə müraciət imkanlarının artırılmasına yönəlmişdir.

Qeyd etmək lazımdır ki, məişət zorakılığından zərər çəkmiş şəxs dedikdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qarşı qəsdən məişət zəminində fiziki, psixi, cinsi zorakılığı, iqtisadi xarakterli qanunsuz hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər