Martın 1-də dövlət satınalmaları üzrə vahid internet portalı təqdim edilib.
Portalın təqdimatı İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM), “Elektron Hökümətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il dekabrın 28-də imzaladığı Fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub. Bu Fərmandan irəli gələn məsələlərin effektiv və vaxtında icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 2019-cu il yanvarın 10-da Sərəncam imzalanıb. Sərəncamla dövlət satınalmaları üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Belə ki, Fərmanın icrası üzrə vahid internet portalı yaradılıb, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələri hazırlanıb, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub.
“Vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil edilməsi, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaq. Tətbiq edilən dəyişikliklərə əsasən, satınalan təşkilat cari ilin oktyabrın 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmayaraq satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklik edildikdən sonra 5 bank günü ərzində məlumat, bu dəyişikliyə səbəb olan hüquqi əsas ilə birlikdə portalda təqdim edilməlidir”, – deyə V.Qasımlı bildirib.
Qeyd olunub ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5 faiz aralığında deyil, 1 faizi məbləğində müəyyəmləşdirəcək. Tender komissiyasə isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də, malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaq.
Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin direktoru Fariz Cəfərov dövlət satınalmaları üzrə vahid internet portalının təqdimatını edib.