6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Su Ehtiyatları Agentliyi yeni Tədbirlər Planı təsdiq edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə yeni Tədbirlər Planı təsdiq edib.

Bu barədə Agentliyin məlumatında bildirilir.

Məlumata görə, Planın operativ və keyfiyyətli icrası, içməli su təchizatı sisteminə qanunsuz, nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə “Azərsu” ASC Fəaliyyət Planı təsdiq edib. Plana uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlərin su təchizatı sistemlərinə qanunsuz qoşulmalarının müəyyən edilməsi, qeydiyyata alınması, sayğacla təmin olunması istiqamətində tədbirlərin görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub. Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.

Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.

Bundan sonra içməli su təchizatı sistemlərinə özbaşına qoşulma, sudan qanunsuz və nəzarətdənkənar istifadə hallarına qarşı tələblər daha da sərtləşdiriləcək. Belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dərhal sərt tədbirlər görüləcək, suyun xeyli miqdarda talanması halları üzrə birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda bu hallara şərait yaradan məsul şəxslər barəsində ciddi tədbirlər görüləcək.

“İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısının alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır”, – deyə agentlik bəyan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər