Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) Rusiyanın Ural Federal Dairəsində nümayəndəlik açmaq imkanını nəzərdən keçirir.
Bunu DTA-nın sədri Fuad Nağıyev deyib.
F.Nağıyev Sverdlovsk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Orlov ilə “Bolşoy Ural – 2019” forumu çərşivəsində qarşılıqlı turuist axınının artırılması perspektivləri və Bakı ilə Yekaterinburq arasında birbaşa hava əlaqəsi məsələlərini müzakirə edib. Bu barədə Sverdlovsk vilayəti televiziyasının saytında məlumat verilir.
“Biz regionunuzun böyük turizm potensialını görürük. Qarşılıqlı turuist axınının artırılması mexanizmlərini aşkar etmək məqsədilə buradayıq. Ölkəmizdə səfərlərin təşkili üçün Uralı çox maraqlı marşrut kimi təqdim etməyə hazırlıq və burada nümayəndəlik açmaq imkanını nəzərdən keçiririk. Rusiyalı turistləri Azərbaycanda səbirsizliklə gözləyirlər. Bunun üçün infrastruktur yaradılıb və dil maneəsi yoxdur”, – F.Nağıyev bəyan edib.
Öz növbəsində A.Orlov regionun hökumətinin Azərbaycanla tərəfdaşıq əlaqələrinin inkişafına dair yaxın planları barədə məlumat verib.
“Hazırda Sverdlovsk vilayəti və Azərbaycan hökuməti arasında gələcək 10 il üçün əməkdaşlığa dair yeni saziş layihəsi birgə hazırlanıb. Sənəd çox sayda birgə tədbirləri keçirməyə imkan yaradacaq. Turizm mövzusuna xüsusi diqqət ayrılıb. Hesab edirik ki, bu sahə inkişaf edərək iqtisadiyyatın tamdəyərli sektoruna çevriləcək”, – A.Orlov bildirib.
Hazırda DTA-nın Almaniya (Frankfurt), BƏƏ (Dubay), Səudiyyə Ərəbistanı (Ər-Riyad), Çin (Pekin), Hindistan (Mumbay) və Rusiyada (Moskva) nümayəndəlikləri fəaliyyət göstərir.
© İnterfaks-Azərbaycan