7 C
Baku
Thursday, January 16, 2025

Dövlət və özəl sektorun rəqəmsallaşdırılmasından gözləntilər müəyyənləşdi

Dövlət və özəl sektorun rəqəmsallaşdırılmasından gözlənilən nəticələr açıqlanıb.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.

Konsepsiyaya əsasən, dövlət və özəl sektorun rəqəmsallaşdırılması, rəqəmsal inkişaf üçün zəruri olan informasiya və kibertəhlükəsizliyi təminatlı rəqəmsal cəmiyyətə keçid, habelə rəqəmsal bacarıqların inkişaf etdirilməsi nəticəsində aşağıdakılara nail olunacaq:

dövlət xidmətlərinin tam olaraq elektron formatdan məlumat əsaslı rəqəmsal formata keçidinin təmin edilməsi, “süni intellekt” əsaslı pilot layihələrin həyata keçirilməsi, həmçinin dövlət qurumları arasında sənəd dövriyyəsinin (G2G, G2B, G2C, G2E) kağızsız formada icra olunması;

İKT infrastrukturunun inkişafı sahəsində xərclərin optimallaşdırılması və bu sahədə özəl investisiyaların payının artırılması;

ən yeni rəqəmsal texnologiyaların tətbiqi − böyükhəcmli məlumatların və süni intellektin istifadəsi yolu ilə qərar qəbuletmə prosesinin səmərəliliyinin və sürətinin artırılması, “əşyaların interneti” vasitəsilə xidmətlərin proaktiv və tez çatdırılması;

“ağıllı şəhər” və “ağıllı kənd”lərdə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sürətləndirilməsi, eyni zamanda “ağıllı qurğular”dan istifadə etməklə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi;

proqnoz ssenarilərin qurulması, zəncir-bloklar (blockchain) texnologiyası ilə əməliyyatların və məlumatların təhlükəsizliyinin təmin edilməsi;

dövlət qurumlarının rəqəmsal inkişaf prosesinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sisteminin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması;

dövlət qurumlarının texnoloji hazırlıq səviyyəsinin artırılması, lisenziyalı proqram təminatlarından istifadənin təmin edilməsi və informasiya təhlükəsizliyi ilə kibertəhlükəsizliyin təmin olunması üçün vahid standartların hazırlanması və tətbiqi;

rəqəmsal inkişaf sahəsində beynəlxalq reytinqlərdə ölkənin göstəricilərinin yaxşılaşdırılmasına nail olunması;

innovativ ekosistemin inkişafının dəstəklənməsi məqsədilə vençur maliyyəsi, tədqiqat və təhsil müəssisələrinin cəlb edilməsi, yerli İKT şirkətlərinin inkişaf etdirilməsi və startapların rəqəmsal həllər hazırlamasına dəstək verilməsi;

yeni iş yerlərinin yaradılması, yerli təcrübələrin inkişafı və ixracının artırılması, ölkənin texnoloji ixrac potensialının yüksəldilməsi;

sahibkarlıq subyektlərinin prioritet sahələr üzrə rəqəmsallaşdırılmasının təşviq edilməsi və kiberməlumatlılığının artırılması;

“Açıq məlumatlar” portalının beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, elektron imzanın tətbiqinin genişləndirilməsi və Açıq Tətbiq Proqramlaşdırma İnterfeysi (Open API) əsasında özəl sektor tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi;

İKT-nin inkişaf meyillərinə uyğun olaraq ölkədə rəqəmsal bacarıqların və kiberməlumatlılığın artırılması;

İKT təhsilinin bütün pillələrində biznesin iştirakının təmin edilməsi, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması və İKT ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması;

İKT mütəxəssislərinin dövlət qulluğuna qəbulu prosesinin sadələşdirilməsi, məsafədən təhsil və iş imkanlarının regionların sosial-iqtisadi inkişafına təsirlərinin artırılması.

Son xəbərlər
Digər xəbərlər