Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi ilə bağlı təkliflər paketi açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva təkliflər paketində nəzərdə tutulan vergi güzəştləri və tətilləri ilə bağlı məsələləri şərh edərək bildirib ki, koronavirus pandemiyasını və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən dalğalanmaların və bütövlükdə bütün dünyada iqtisadi aktivliyin azalması şəraitində Azərbaycan sahibkarlığının və Azərbaycan vətəndaşlarının bu sahədə maksimum az zərər çəkməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan hökumətinə bir sıra tapşırıqlar verilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə, həmin tapşırıqların istiqamətlərinə uyğun olaraq tədbirlər planı təsdiq edilib və bütövlükdə kompleks işlər həyata keçirilir.
“Bu işlərə misal olaraq biz istər ölkədə sahibkarlıq subyektlərinə, istərsə də muzdlu işçilərə verilən birbaşa ödəmələri, sahibkarlıq subyektlərinə maliyyə institutları vasitəsilə verilən dolayı təşviqləri misal göstərə bilərik. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə verilən tapşırıqların istiqamətlərindən biri də, ölkədə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi sahəsində təşviqlərin verilməsi olub. Bu tapşırığın icrası ilə bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklər sahibkarlıq subyektlərinin, biznes icmalarının və aidiyyəti dövlət orqanlarının iştirakı ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınmaqla qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilib”, – deyə S. Musayeva qeyd edib.
İdarə rəisinin sözlərinə görə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında həmin qanun bütövlükdə pandemiyadan əziyyət çəkən bir sıra fəaliyyət sahələrinə geniş həcmli təşviqləri təmin edir.
“Pandemiyadan zərər çəkən sahibkarlıq fəaliyyəti növlərinə biz aşağıdakıları misal göstərə bilərik. Bunlar ölkə ərazisində istər şəhərlərarası, istər rayonlararası sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatlardır. Bundan başqa, ölkədə ictimai-iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərini, əyləncə, istirahət, kinoteatr, muzeylər, səhnə fəaliyyəti kimi bir sıra sahələrin buna misal göstərmək olar. Həmçinin, bütün növ tədris müəssisələri, o cümlədən məktəbəqədər tədris müəssisələri, uşaqların psixoloji və digər növ hazırlıq mərkəzləri də pandemiyadan zərər çəkən sahələr kimi müəyyən edilib”, – deyə S. Musayeva bildirib.
O, həmçinin, əlavə olaraq vurğulayıb ki, qanun layihəsində pandemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üzrə tam vergi azad olunması verilib, mənfəət vergisi üzrə isə 75% güzəşt müəyyən edilib. Qeyd olunan azadolmalarla yanaşı, spesifik sahələr üzrə mövcud olan vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər verilib: “Ölkə daxilində sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, habelə ictimai-iaşə fəaliyyətini həyata keçirən subyektlər üçün sadələşmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşmiş verginin dərəcəsi 50% azaldılıb. Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisadi aktivliyinin kifayət qədər aşağı düşdüyü və bir çox halda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında həmin sahələrdə fəaliyyətin məhdudlaşdığını nəzərə alaraq, həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2020-ci il ərzində 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin ödənilməsi təxirə salınıb və 2020-ci il ərzində bütövlükdə cari vergi ödəmələri mənfəət vergi ödəyiciləri tərəfindən istər arayışların verilməsi, istəsə də ödəmələrin bilavasitə həyata keçirilməsi ləğv edilib”.
Musayevanın sözlərinə görə, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət vergisi bəyannamələrin təqdim edilməsi və mənfəət vergisi üzrə ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci ilə qədər təxirə salınıb.
“Mikrosahibkarlıq subyektləri isə ayrıca bir blok olaraq Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulur. Mikrosahibkarlıq subyektləri tərəfindən sadələşmiş vergi, mənfəət vergisi, muzdlu işdən gəlir üzrə dövlət büdcəsinə hesablamaların edilməsi və ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci il tarixədək təxirə salınıb”, – deyə S. Musayeva bildirib.
Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahələr və mikrosahibkarlıq subyektləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən istənilən sahibkarlıq subyektinin pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirdiyi profilaktik tədbirlərə, o cümlədən dezinfeksiya və təmizlik işlərinə çəkdiyi xərclərin də məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılmasını müəyyən edən normalar Vergi Məcəlləsinə gətirilib: “Vergi Məcəlləsinə edilən dəyişikliklərə bütövlükdə nəzər salsaq, sahibkarlıq subyektlərinin həm hesabatlılıq və cari bəyannamələrin verilməsi ilə bağlı öhdəlikləri, eyni zamanda ötən ilin nəticələrinə görə vergilərin ödənilməsi müddətlərinin təxirə salınması, digər tərəfdən isə mövcud vergi dərəcələri bu ilin nəticələrinə görə aşağı salınması nəzərdə tutulur”.
https://youtu.be/HUsX23rKIto
©APA