2021-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 121 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,7 faiz və ya təqribən 1,1 milyard manat artıb.
Cari ilin 11 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 870,1 milyon manat olub, proqnoza 114,8 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 756,1 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,5 faiz və ya 697,3 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 4 milyard 439,5 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 866,6 milyon manat olmaqla, proqnoz 114,3 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 9,3 faiz artıb.
Ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi neft-qaz sektorunun payına düşüb.