8 C
Baku
Thursday, December 12, 2024

Dövlət Vergi Xidməti vergidən yayınan 2 sahibkarı nəzarətə götürdü

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi üzərində nəzarət edir.

Banker.az xəbər verir ki, Vergi ödəyicisi N.Aslanov tərəfindən 2020-ci il ərzində elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mallar alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub. 2021-ci ildə isə vergi ödəyicisi tərəfindən əldə edilmiş tütün məmulatlarının həcmi kəskin artıb.

Belə ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mallar alınıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib. Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu tərəfindən də 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mallar alınıb ki, bunun da hamısını tütün məmulatları təşkil edib. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura tərtib edilmədən mallar təqdim olunduğu müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov tərəfindən topdansatış mərkəzlərindən əldə edilmiş aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışı həyata keçirilib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.

Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər