İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediyi yaşayış sahələrinin siyahısına daha 262 yeni, tam təmirli mənzil əlavə edilib.
Banker.az Fonda istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksi üzrə 210 mənzil təklif olunur ki, bunlar da 1, 2 və 3 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 357 manatdan başlayır.
Daha 52 mənzil isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təklif olunur. Mənzillər 2, 3 və 4 otaqlı olmaqla, aylıq ödənişləri 718 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 21 iyun 2023-cü il tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3463 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.