17 C
Baku
Monday, April 29, 2024

Dövlət Xidməti daşınmaz əmlaka texniki pasport verilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə bəzən texniki pasport və ya plan-ölçü sənədinin verilməsindən imtina edilərək yalnız çıxarış (kupça) verilməsi ilə bağlı cəmiyyətdə yaranan narazılıqlara aydınlıq gətirib.

Bu barədə Dövlət Xidmətindən bildirilib ki, ərizəçilər qanunda nəzərdə tutulmuş müvafiq sənədləri təqdim etmədikdə hüquqların qeydiyyatından imtina olunur.

Qeyd edilib ki, bu kimi hallarda ərizəçilər məhkəməyə müraciət edirlər:

“Bəzən iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qət edilir. Qeyd olunmalıdır ki, çıxarışdan fərqli olaraq texniki pasport, eləcə də torpaq sahəsinin planı və ölçüsü texniki xarakterli sənəddir və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirir. Çıxarış və texniki sənədlər ayrı-ayrı sənədlər olduğu üçün onların hər birinə münasibətdə ayrıca dövlət rüsumu və xidmət haqqı tutulur.

Məhkəmə qərarında texniki sənədin verilməsi ilə bağlı ayrıca vəzifə nəzərdə tutulmadığı halda qeydiyyat orqanının öz təşəbbüsü əsasında müvafiq texniki sənədi tərtib etməsi düzgün hesab oluna bilməz. Belə ki, qeydiyyat orqanı yalnız məhkəmə qərarında nəzərdə tutulmuş sənədi – daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı tərtib edib hüquq sahibinə təqdim etmək vəzifəsini daşıyır”.

Qeyd edilib ki, problemin yaranma səbəblərindən biri də məhkəmələr tərəfindən işə baxılarkən bəzi hallarda daşınmaz əmlak obyekti ilə bağlı bütün əhəmiyyət kəsb edən halların (məsələn, torpaq sahəsinin məkan göstəricilərində mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya uyğunsuzluqları, digər şəxsə məxsus daşınmaz əmlakla üst-üstə düşüb-düşməməsi, daşınmaz əmlakın faktiki mövcud olub-olmaması, sənəd üzrə ölçülərlə faktiki ölçülərin eyni olub-olmaması) tam müəyyən edilmədən həmin daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə qərarların verilməsidir:

“Sadalanan problemlər mövcud olduğu halda məhkəmə həmin məsələlərə münasibət bildirmədiyindən məhkəmə qərarlarının real icrası mümkün olmur, nəticədə vətəndaşlar da faktiki olaraq hər hansı əmlak əldə etmirlər. Məhkəmə qərarı icra olunaraq çıxarış verilsə də yuxarıda qeyd edilən səbəblərdən texniki sənədin verilməsi mümkün olmur”.

Beləliklə, çıxarış ilə bərabər texniki pasportun əldə edilməsi üçün torpaq sahəsinin məkan göstəricilərində mövcud olan sərhəd, yerləşmə və konfiqurasiya uyğunsuzluqları, digər şəxsə məxsus daşınmaz əmlakla üst-üstə düşüb-düşməməsi, daşınmaz əmlakın faktiki mövcud olub-olmaması, sənəd üzrə ölçülərlə faktiki ölçülərin eyni olub-olmaması ilə bağlı sənədlərin təqdim edilməsi tələb olunur.

Xatırladaq ki, bir müddət öncə kütləvi informasiya vasitələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, yəni çıxarış (“kupça”) verilməsi ilə bağlı problemlərin yaşandığı barədə məlumatlar yayılıb. Qeyd edilib ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə müvafiq qurum əksər hallarda yalnız “kupça” verməklə kifayətlənir. Bir müddətdən sonra isə həmin şəxslər daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən quruma müraciət etməli olurlar. Müəyyən hallarda çıxarış verilmiş şəxslərə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması) həmin sənədlərin verilməsində imtina olunur. Bu da çoxsaylı məhkəmə çəkişməsi yaradır və şəxsin əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər