“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması məqsədilə Bakı, Sumqayıt və Abşeron ərazilərində yanacağın və maye qazın satışını həyata keçirən “SOCAR Petroleum” QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində, habelə neft bazalarında monitorinqlər aparıb.
Bu barədə Banker.az-a Dövlət Xidməti bildirir.
Dövlət Xidməti tərəfindən qeyd olunan YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib. Hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır.
Təsərrüfat subyektləri tərəfindən yoxlamaya təqdim edilməmiş ölçü cihaz və avadanlıqlarından istifadə inzibati məsuliyyətə səbəb ola bilər. Ümumilikdə qeyd edilən inzibati məsuliyyət və qadağalar ölkə ərazisində yanacağın, eləcə də maye qazın satışını həyata keçirən bütün yanacaqdoldurma məntəqələrinə şamil edilir.
İstehlakçılar yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulmuş yoxlama nişanı və eləcə də, yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.
Yanacaq və maye qazın satışını həyata keçirən YDM-lərdə yoxlamadan keçməmiş ölçü cihaz və avadanlıqları ilə qarşılaşdıqları təqdirdə, istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.