10 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq edib.

Bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qurum ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir. Bəzən akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tipi təsdiq edilməmiş, habelə məlumatları Dövlət reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin qanunsuz yoxlanılmasını və yaxud kalibrlənməsi həyata keçirir.

Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipi təsdiq edilməli və müvafiq sertifikatla təmin edilməlidir. Tipin təsdiqini və bu barədə sertifikatın verilməsini Dövlət Xidməti həyata keçirir. Tip təsdiq edilərkən onun dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar Dövlət Xidmətinin apardığı Dövlət Reyestrinə (http://metrology.az) daxil edilir.

Məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı, istismarı qadağandır. Bu cür qanun pozuntularına yol verən, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlar məsuliyyət daşıyırlar.

Son xəbərlər
Digər xəbərlər