Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) vergi ödəyicilərindən 15 və 20 dekabr tarixlərinə qədər məcburi sosial sığorta və vergi ödənişlərini etmələrini tələb edib.
Bu il dekabrın 15-dək Məcburi Dövlət Sosial Sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi lazımdır.
Eyni zamanda cari ilin dekabrın 20-i xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, mədən vergisi, pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyindən tutulan verginin ödənilməsinin son günüdür.
DVX xəbərdarlıq edir ki, qeyd edilən ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanacaq.