8 C
Baku
Monday, November 18, 2024

Dövlət Xidmətinin rəisi A.Rzayevdən qardaşının şirkəti ilə bağlı açıqlama

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev mətbuatda ən çox icazələrin verildiyi deyilən “Van der Val Intl. Transport Bakı” daşıma şirkətinin əvvəllər ona, hazırda isə qardaşına məxsus olmasını təsdiqləyib.

Banker.az xəbər verir ki, xidmət rəisi bu barədə Baku TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, 1996-2013-cü illərdə “Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik edib:

“Van der Val Intl. Transport Bakı” şirkətinin 1996-2013-cü illərdə rəhbəri olmuşam. Bu doğrudur. Amma bu şirkətin Niderlandın ofşor şirkəti olması doğru deyil. Azərbaycanda olan şirkət ofşor ola bilməz. Hazırda isə bu şirkətə qardaşım rəhbərlik edir”.

A.Rzayev bildirib ki, hazırda şirkətlə heç bir əlaqəsi yoxdur:

“Mən 1996-2013-cü illərdə “Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik etmişəm. Daha sonra ayrılaraq bu ilin avqustunadək akademik fəaliyyətlə məşğul olmuşam. Sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Akademik fəaliyyətlə məşğul olanda da və indi də hansısa formada bu şirkətlə maliyyə və digər əlaqələrim yoxdur. Mən ayrılanda şirkətin 60-a yaxın avtomobili var idi. İndi istifadə olunan “DAW” avtomobillərini də ölkəyə ilk gətirənlər biz olmuşuq. Hazırda isə şirkət 15 maşından ibarətdir, heç də böyük şirkət deyil”.

O, həmçinin vəzifədə olması səbəbindən ən çox daşımaçılığın qardaşının şirkətinə verilməsilə bağlı səslənən iddialara da aydınlıq gətirib: “Mən dəvət edirəm, gəlin, bütün daşıyıcılarla görüşün, soruşun. Bölgüdə icazələrə üstünlük verilir, şirkətə üstünlük verilmir. Vaxtilə xüsusi defisit icazələr var idi, heç olmasa, onlardan biri həmin şirkətə ayrılıbmı? Xahiş edirəm, bunları öyrənin. Digər şirkətlərlə eyni ədalət prinsipi qorunub. Bunu digər daşıyıcılarla da əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz”.

Qeyd edək ki, Qaynarinfo.az saytında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevin daşıyıcılara qarşı ədalətsiz mövqe nümayiş etdirməsilə bağlı məlumatlar yayımlanmışdı. İddia olunurdu ki, o, əvvəllər özünün baş direktoru olduğu, hazırda qardaşının rəhbərlik etdiyi Niderlandın ofşor şirkəti olan “Van der Val Intl. Transport Bakı” şirkətinə 12 ölkəyə yükdaşıma üçün iki tərəfli transit icazəsi verib.

Həmçinin iddia olunur ki, Xidmət milli daşıyıcılara qarşı ayrıseçkilik edir və bu səbəbdən 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər