Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01 yanvar 2015-ci il tarixdən 1 iyul 2017-ci il tarixədək olan dövrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin formalaşması və istifadəsinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Hesablama Palatasından APA-ya verilən xəbərə görə, kredit vəsaitlərinin ayrılması prosesində bir sıra hallarda müvafiq normativ qaydaların tələbləri gözlənilməyərək, regionlar üzrə kredit vəsaitlərinə olan tələbata dair məlumatlar əhatəli olmayıb, bəzi hallarda layihələrin ekspertizası aparılmayıb, bir neçə halda əməkdaşlıq üçün müvəkkil kredit təşkilatları (MKT) müvafiq tələblərə uyğun seçilməyib, MKT-lər tərəfindən öhdəlik üzrə geri qaytarılan vəsaitlər bir məbləğlə ödənildiyi üçün layihələr üzrə əsas və faiz borcunun ödənişlərinin uçotunun aparılması təmin edilməyib, vaxtı keçmiş bəzi borclar balansda öz əksini tapmayıb.
“Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsinə görə ödənilmiş faizlər hesabına formalaşdırılan Sığorta fondunun vəsaitlərinin istifadəsinin daxili Qaydaları”na uyğun olaraq qaytarılan kredit vəsaitləri üzrə 2%-lik borcun 75% hissəsinin Xidmətin Sığorta Fonduna köçürülməsi müəyyən edilsə də, bəzi hallarda Fonda artıq vəsait ödənilib, MKT-lərdən daxil olan kredit layihələrinin monitorinqləri barədə hesabatlar tam araşdırılmayıb, kredit vəsaitlərindən istifadənin qənaətbəxşliyi barədə qeydlər aparılmayıb.
Hesablama Palatasının Kollegiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər məsələlər istiqamətində görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib.
Auditin nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.