2025-ci ilin 11 ayında xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Banker.az Maliyyə Nazirliyinin göstəricilərinə istinadla xəbər verir ki, cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526 milyon manat və ya 6,1 faiz üstələyib.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat təşkil edərək proqnozdan 10,2 milyon manat və ya 32,5 faiz çox, Dövlət Neft Fondundan transfert isə 13 milyard 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edərək proqnoza qarşı 72,7 faiz, sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1 faiz icra olunub.
2025-ci ilin 11 ayı ərzində icmal büdcənin xərcləri 36 milyard 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur.







