Dövlətə və ya Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2022-ci ili də zərərlə başa vurub.
Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin illik audit hesabatında qeyd edilir.
Hesabat müddətində şirkətin 8.61 mln. manat birja və 12.08 mln. manat qeyri-birja əməliyyatlarından gəliri olub. 2021-ci ildə isə onun gəliri müvafiq olaraq 6.15 mln. manat və 13.98 mln. manat təşkil etmişdi.
Dövlət şirkətinin satışının maya dəyəri 12.04 mln. manat (2021: 10.3 mln. manat) olub ki, bu da onun ümumi mənfəətini 6% azaldaraq 10.42 manata endirməsinə səbəb olub.
Bununla belə, “Şahdağ Turizm Mərkəzi”nin hesabat ilində xərcləri 11% artaraq 16.3 mln. manata yüksəlib.
Beləliklə, turizm şirkəti 2022-ci ili 8.69 mln. manat xalis zərərlə tamamlayıb və bu, 2021-ci ildəki göstəricidən (6.34 mln. man.) 37% artıqdır.
1 yanvar 2023-cü il tarixinə şirkətin 97.18 mln. manatlıq illər ərzində üst-üstə yığılan zərəri var.
Turizm şirkətinin hesabat dövrünün sonuna 302.2 mln. manat aktivləri var. Bunun da 285.54 mln. manatı torpaq, tikili və avadanlıqlardır.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546.78 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.