“Dow Jones Industrial Average” indeksi tarixdə ilk dəfə 30000 bənd səviyyəsini aşıb.
Banker.az bu barədə xarici KiV-ə istinadən xəbər verir.
Mütəxəssislər bu böyüməni koronavirus əleyhinə peyvəndin yaradılması ilə bağlı sınaqlarının uğurlu keçməsi, o cümlədən ABŞ prezident seçkilərində Cozef Baydenin qalib gəlməsi ilə əlaqələndirirlər. Qeyd edək ki, Tramp 30000 göstəricisini “müqəddəs rəqəm” adlandırıb.
“Bloomberg”in qeyd etdiyi kimi, son ticarət sessiyasında “Dow Jones” 450 bənd və ya 1,5% artaraq 30040 səviyyəsindən yuxarı qalxıb. Çərşənbə axşamı günü indeks birja tarixindəki ən yüksək göstərici 30100-ü aşıb. Qiymətləndirmələrə görə, ümumilikdə noyabr ayında “Dow Jones” 13% artıb.
Bununla yanaşı, “S&P 500” indeksi də yeni rekorda imza atıb. Belə ki, indeks 57,82 bənd və ya 1,6% artaraq 3635,41 bəndə çatıb. “Nastaq Composite” indeksi 156,15 bənd və ya 1,3% artaraq 12036,79 səviyyəsinə çatıb ki, bu da tarixdə ikinci ən yüksək göstərici olub.








