“Yeni hazırlanan “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi Silahlı Qüvvələrin bütün növlərini əhatə edir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
Deputat bildirib ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Döyüşdə iştirak edənlərə 2-3 qat artıq pul verilməsi yeni qanun layihəsində təklif edilir. Ən azından icbari tibbi sığorta və digər ödənişlər siğortaedən tərəfindən ödəniləcək”.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, döyüş şəraitində yerləşən və döyüş əməliyyatlarında (fəaliyyətində) iştirak edən hərbi hissələrdə (bölmələrdə), habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən və bu hərbi hissələrə (bölmələrə) ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 2 qat hesablanacaq. Bu halda hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 3 qat hesablanması da layihədə əksini tapan digər variantdır.
Layihəyə əsasən, döyüş şəraitində yerləşən və ya döyüş əməliyyatlarında (fəaliyyətində) iştirak edən və müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən hərbi hissələrin (bölmələrin) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Eyni zamanda cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 1,5 qat hesablanacaq. Bu halda hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 2 qat hesablanması da layihədə əksini tapan digər variantdır.
Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanmalıdır.
Qüvvədə olan qanuna görə, zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Layihədə də qeyd olunur ki, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının minimum məbləği Azərbaycan Respublikasında dövlət qulluqçularının orta aylıq əmək haqqından az ola bilməz.