2025-ci il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 365.3 min nəfər olub. Onlardan 5 milyon 84.8 min nəfərini məşğul əhali təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da rəsmi işsizlərin sayının avqustda 900 nəfər ətrafında azalaraq 280.5 min nəfərə və ya işsizlik səviyyəsinin son bir ayda 5.3%-dən 5.2%-ə düşməsi deməkdir. Yuvarlaq olaraq bir il idi ki, işsizlik səviyyəsi 5.3% ətrafında idi. Sonuncu dəfə 2024-cü ilin avqustunda 5.4%-dən həmin səviyyəyə düşmüşdü.
Hazırkı işsizlik səviyyəsi 2021-ci ili yanvarında qeydə alınan 7.2%-dən 2 faiz bəndi aşağıdır. Qeyd edilən tarixdə ölkədə rəsmi statistik göstəricilərə əsasən, COVID-19 pandemiyası səbəbindən işsizlərin sayı 375.9 min nəfərə yüksəlmişdi..
2025-ci il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər olmuş, onların 50.1 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436.7 manat olub.
Cari il avqustun 1-nə olan göstəricilərə əsasən, muzdla çalışan işçilərin sayı 1 milyon 768.4 min nəfər təşkil edib. Onların 858.1 min nəfəri dövlət sektorunda, 910.3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri-neft-qaz sahələrində isə 1 milyon 737.2 min nəfər çalışıb.
Muzdla çalışan işçilərin 23 faizi məhsul istehsalı sahələrində cəmləşib. Bu sahənin strukturu üzrə 7.7 faizi emal sənayesində, 6.8 faizi tikintidə, 2.7 faizi su təchizatı və tullantıların idarə olunması, 2.4 faizi kənd təsərrüfatı, 1.8 faizi mədənçıxarma, 1.6 faizi isə enerji, qaz və buxar istehsalı və təchizatı sahələrində çalışıb.
Xidmət sahəsində çalışanların 18.9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 8.5 faizi səhiyyə və sosial xidmətlər, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi inzibati xidmətlər, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 3.8 faizi turizm və ictimai iaşə, 2.9 faizi istirahət və əyləncə, 2.3 faizi maliyyə və sığorta, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlak fəaliyyəti, digər 1.1 faizi isə digər xidmət sahələrində işləyib