Dövlət Statistika Komitəsinin (DSK) bu gündən başlayaraq oktyabrın 10-na qədər həyata keçirəcəyi əhalinin siyahıyaalması üçün müvəqqəti işə götürdüyü şəxslərə ödəyəcəyi vəsaitin məbləği məlum olub.
Bu barədə Komitənin sədri Tahir Budaqov məlumat verib.
Onun sözlərinə görə, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat xidmət haqqı alacaq: “Onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödəniləcək. Təbii ki, bunlar vergilər daxil olmaqla ödənilən məbləğidir. Vergilər tutulduqdan sonra qalan məbləğ müvəqqəti işçilərə çatacaq. İlk dəfə bu məqsədlə “Kapital Bank” ASC ilə müqavilə imzalanıb. Onların hər biri üçün kart təqdim olunacaq və bütün məbləğ karta köçürüləcək ki, hər hansı mənfi hal baş verməsin”.

Xatırladaq ki, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfərdir. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılardır. Bu şəxslərə ümumilikdə 21 353 740 manat xidmət haqqı ödəniləcək.
Report








