12 C
Baku
Monday, November 25, 2024

DSMF banklardakı depozitlərindən 13.2 mln. manat faiz gəliri əldə edəcək

2023-cü ilin birinci yarısından etibarən Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən sərbəst vəsaitlərin müəyyən hissəsinin investisiya edilməsinə başlanılıb.

Banker.az xəbər verir ki, bu barədə DSMF-in 2024-cü il üçün büdcə layihəsinə dair rəyində bildirilir.

Belə ki, təqdim edilmiş məlumatlara əsasən cari ilin əvvəlinə formalaşmış sərbəst vəsaitin 600 mln. manatının (57.3%) investisiya edilməsi barədə qərar qəbul edilmiş və bu vəsaitin 30 mln. manatı (5%) banklarda açılmış depozit hesablara, 402.7 mln. manatı (67,2%) dövlət zəmanətli istiqrazlara və 167 mln. manatı (27.8%) isə müvafiq qiymətli kağızlar üzrə əks-repo əməliyyatlarına yönəldilməklə ümumilikdə 599.7 mln. manat məbləğində vəsait maliyyə alətləri üzrə investisiya qoyuluşu həyata keçirilib.

Aktivlərinin həcminə görə bankın ilk beşlikdə yer alması, depozit hesabda yerləşdiriləcək məbləğin bankın xalis aktivindən 10% çox olmaması tələbi nəzərə alınmaqla sərbəst vəsaitin 5 il müddətinə olmaqla 2 bank üzrə depozit hesablarda yerləşdirilmişdir ki, bu da ümumi investisiya portfelinin 5%-dən çox deyil.

Dövrün sonunda depozit hesablarda yerləşdirilmiş vəsait üzrə faiz gəliri 13.2 mln. manat olacaqdır.

Sərbəst vəsaitin əsas hissəsi Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş, tədavül müddətinə görə orta müddətli hesab edilən dövlət zəmanətli istiqrazların alınmasına investisiya edilmişdir. Fəaliyyətin nəticəsi olaraq Fond tərəfindən nominal dəyəri 415.5 mln. manat olan istiqrazların 402.6 mln. manat bazar dəyəri ilə alışı həyata keçirilmişdir. Orta gəlirlilik dərəcəsi 8.37% səviyyəsində müəyyən edilmiş istiqrazlar üzrə kupon ödənişləri 73.4 mln. manat olaraq müəyyən edilmişdir ki, bu da əməliyyatın sonunda alış gəliri də nəzərə alınmaqla fondun 86.2 mln. manat gəlir əldə etməsi deməkdir. Fondun investisiya portfelinin formalaşmasında istifadə edilmiş maliyyə alətlərindən biri də əks-repo əməliyyatıdır. Əks-repo əməliyyatı Fond ilə müvafiq banklar arasında olmaqla dövlət təminatlı istiqrazlar əsasında həyata keçirilmiş, nəticədə əks-repo müddəti 30 gün və 5 gün, gəlirliyi 0.5 mln. manat olan 2 əqd bağlanmışdır. Ümumilikdə cari investisiya fəaliyyəti üzrə əldə olunacaq gəlir 99.9 mln. manat təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər