29 C
Baku
Thursday, July 25, 2024

DSMF daha iki xidmətini elektronlaşdırıb

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

“APA-Economics”in xəbərinə görə, bu barədə DSMF-nin sədr müavini Zakir Babayev bu gün yeni istifadəyə verilən “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron  xidmətlərinin təqdimat mərasimində qeyd edib.

Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla  xidmətin təşkili məsələlərinin həllində DSMF-nin öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdığını deyən Z. Babayev əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin fond üçün prioritet olduğunu vurğulayıb: “Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45%-dən çox hissəsini əhatə edir və fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb”.

Sədr müavini bildirib ki, “Elektron hökumət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 9 ayı ərzində fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıqdır. “Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 27% azalıb”, – deyə Z. Babayev bildirib.

Sonra təqdimatla çıxış edən fondun Maliyyə şöbəsinin müdir müavini Emil Əfəndiyev xidmət barədə məlumat verərək bildirib ki, bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində  “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərinin üstünlüklərindən geniş bəhs olunub. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Tədbirdə fondun yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər