DSMF-in 2019-cu il üçün xərcləri 3,93 mlrd. manat proqnozlaşdırılır

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır ki, bu da carı ilin müvafiq proqnoz göstəricisindən 349 milyon manat və ya 9,8 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3 milyard 835 milyon manat proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin plenar iclasında söyləyib.

Xərclərdəki dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verən nazir deyib: “ Əmək pensiyaları üzrə 336 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə 3,8 milyon manat, digər xərclər üzrə isə 9,5 milyon manat arım nəzərdə tutulur. 2019-cu ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,6 faizini təşkil edərək 3 milyard 743 milyon manat proqnozlaşdırılır.

Qeyd edilib ki, növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyası isə daha da artacaq və orta göstərici 272 manata çatacaq.