DSMF xərclərin ilk yarımildə 10% artığını bildirir

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı ilin yanvar-iyun ayları üzrə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 380,1 mln manat və ya 10,2% artıb.

Operativ məlumatlara əsasən, Fondun xərclərinin 97%-ni əhaliyə ödənişlər təşkil edib. Müqayisə üçün, 2025-ci ilin ilk yarısında DSMF-nin xərcləri illik müqayisədə 324,4 mln manat və ya 9,5% artmış, əhaliyə ödənişlərin xərclərdə payı 96,9% təşkil etmişdi.

2026-cı ilin ilk yarısında pensiya ödənişlərinə 3 mlrd 916 mln manat vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 368 mln manat və ya 10% çoxdur. Cari ilin əvvəlindən pensiyalar 9,3% indeksləşdirilərək artırılıb. Nəticədə 1 iyul 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10% yüksələrək 594 manata çatıb. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 632 manat olub.

Fond tərəfindən pensiya təyinatlarının elektron sistem üzərindən avtomatlaşdırılması da davam edib. 2026-cı ilin yanvar-iyun aylarında 23 min, 2019-cu ilin əvvəlindən isə ümumilikdə 201 min pensiya təyinatı proaktiv qaydada həyata keçirilib. Cari ilin ilk altı ayında yaşa görə əmək pensiyası təyin olunan 20 247 şəxsin 54,64%-ni kişilər, 45,36%-ni isə qadınlar təşkil edib.

2026-cı ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 881 295 nəfər olub. Onların 476 224 nəfəri aylıq sosial müavinət, 405 071 nəfəri isə təqaüd alıb.

Cari ilin birinci yarısında dövlət büdcəsi hesabına 1 mln 39 min şəxsə 1 mlrd 126 mln manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Bu vəsaitin 634 mln manatı 505 min nəfərə müavinət, 407 mln manatı 405 min nəfərə Prezident təqaüdü, 85 mln manatı isə 129 min nəfərə sosial sığorta hesabına verilən müavinətlər üzrə ödənilib.

Müavinətlər üzrə ödənişlər illik müqayisədə 15%, Prezident təqaüdləri üzrə 17%, sosial sığorta hesabına müavinətlər üzrə isə 6% artıb. Sosial ödənişlərin elektron təyinatı çərçivəsində 2026-cı ilin ilk yarısında daha 75 min, 2019-cu ildən etibarən isə ümumilikdə 954 min müavinət və təqaüd təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada həyata keçirilib.

Əhali üzrə sosial təminat göstəricilərinə əsasən, 2026-cı ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 176 399 nəfər olub. Onların 38,9%-ni kişilər, 61,1%-ni isə qadınlar təşkil edib. Əlilliyə görə isə iyun ayında 244 839 nəfər pensiya, 223 862 nəfər aylıq müavinət, 92 204 nəfər isə Prezident təqaüdü alıb.

DSMF-nin fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı da artıb. 2026-cı ilin yanvar-iyun aylarında onların sayı 46 504 vahid artaraq 2 261 449 vahidə çatıb. Artım hüquqi şəxslər üzrə 6 600 vahid, fiziki şəxslər üzrə 37 330 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 2 574 vahid təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər