Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun mənimsəmədə istifadə etdiyi şirkətlərin külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
M.Rəsulovun vəzifə səlahiyyətlərindən istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq DGK-nın digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Araşdırma nəticəsində general-mayor M.Rəsulovun ümumilikdə 6 256 353,51 manat vergi borcu olduğu məlum olub.
Belə ki, təkcə “Veqa-Servis” MMC-nin vergi borcu 4 925 378,49 AZN-dir. 2010-cu ildə yaradılan şirkətin qanuni təmsilçisi İsrafilov İlqar Aydın oğludur. Şirkətin hüquqi ünvanı Qobustan şəhəri, Yeni Massivdir.
“Delta Servis İKO” MMC isə 2018-ci ilin iyununda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Novruzov Rövşən Tələt oğludur. Adıçəkilən şirkətin də dövlətə külli miqdarda vergi bocu var. Hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Maqsud Əlizadə, ev 120, m.1 olan “Delta Servis İKO” MMC-nin hazırda vergi borcu 161 001 manat təşkil edir.
“Omega Servis IKO” MMC-nin də qanuni təmsilçisi Rövşən Novruzovdur. Bu şirkətin də hüquqi ünvanı “Delta Servis İKO” ilə eynidir. 2018-ci ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu yarım milyon manatdan çoxdur. Bu, 534 539,01 manat deməkdir.
“Nanoc” MMC isə 2019-cu ilin fevralında qeydiyyata alınıb. Bu şirkətin də hüquqi ünvanı Nərimanov rayonudur. Şirkət Əhməd Rəcəbli ev 23A-da qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Dadaşov Zamiq Alşah oğludur. “Nanoc” MMC-nin də dövlətə vergi borcu var. Bu, 33 715,95 AZN-dir.
“Meqan Group” MMC-nin isə hüquqi ünvanı Quba rayonu, Amsar kəndi, qanuni təmsilçisi isə Vladimir Sementsov Alekseyeviçdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan şirkətin vergi borcu 601 719,06 manatdır.
“Azerbaijan Legal Consulting International Services” MMC barəsində isə rəsmi mənbələrdə heç bir məlumata rast gəlmək mümkün deyil.