DTX rəisi Gürcüstanda rəsmi səfərdə olub.
Banker.az bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən xəbər verir.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdidlərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulamışdır.