15 C
Baku
Tuesday, November 19, 2024

Dubaya ixrac olunur, Avropadan da sifariş var

Saatlı rayonunda yerləşən super intensiv heyva bağında tədarük edilən məhsula xaricdən sifariş qəbul olunub. Sifariş verilən 450 ton məhsulun 200 tondan çoxu artıq yola salınıb.

Super intensiv heyva bağı Saatlının Qaralar kəndində salınıb və Mil-Muğan bölgəsi üzrə ilk belə bağdır. 2020-ci ildə salınan bağ artıq ikinci məhsul ilindədir və cari mövsüm bağda bol məhsul yetişib. Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ərazidə heyvadan başqa alça, armud, nektarin bağları da var və mərhələli olaraq mövsümə uyğun yığım aparılır. Hazırda isə heyva mövsümü olduğuna görə yığım davam edir.

“30 hektarlıq bağın 26 hektarında Türkiyədən gətirilən “Eşmə” sortundan olan 46 min ting əkilib. Bağın salınmasında dövlət dəstəyinin də əhəmiyyəti böyükdür. İlk məhsul ilinə qədər dövlət tərəfindən 750 manat, sonrakı illərdə isə hər hektara 240 manat subsidiya alırıq. Bu da bağın becərilməsində bizə bir dəstəkdir. Bağın ilk məhsulu ötən il yığıldı və hər ağaca 5-6 kiloqram məhsul toplandı. Bu il isə məhsul boldur”, – deyə Həbib Əhmədov bildirib.

Bağda yığıma bu ayın əvvəlindən başlanılıb. Hər ağacdan orta hesabla 25-30 kiloqram meyvə yığılır. Məhsul daxili bazarla yanaşı, həm də xaricə satılır. Artıq Rusiya, Qazaxıstan və Dubay bazarlarına məhsul yollanıb. Avropa bazarlarından da sifariş var. İlkin olaraq təcrübə üçün məhsul göndərildikdən sonra, davamlı ixrac üçün müqavilə də imzalanacaq.

Məhsullar ölçüsünə görə çeşidlənir və satılır. “Bu günə kimi xaricdən 450 ton sifariş alınıb və 200 tondan çox məhsul artıq yollanılıb. Daxili bazarlara isə 150 ton məhsul verilib. Mövsüm boyu bağdan 800 tona yaxın məhsul götürəcəyimizi planlaşdırırıq”, – deyən fermer bildirir ki, bu bağlarda insanların işə cəlb olunması, həm də əlavə iş yerlərinin açılması deməkdir.

Təsərrüfatda çoxillik bağlarla yanaşı, mövsümi əkinlər də yer alır. Qaralar kəndi ilə bərabər, qonşu kəndlərdən də buraya işləməyə gələnlər var. Daimi işçilərlə yanaşı, mövsüm ərzində əlavə işçi qüvvəsi də cəlb olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər