“Emaar Properties” şirkəti dəyəri 200 milyard dirhəm (54 milyard dollardan çox) olan iri layihəyə start verdiyini açıqlayıb. “Khaleej Times” portalının məlumatına görə, layihənin ümumi tikinti sahəsi 4,5 milyon kvadratmetri ötəcək və inkişaf etmiş infrastruktura malik olacaq.
Şirkətin “ən simvolik şəhər ünvanı və şəhər daxilində şəhər” adlandırdığı layihə təxminən 150 min sakinin yaşaması üçün nəzərdə tutulub. Buraya Burj Xalifa, Burj Al Arab və Palm Jumeyra mənzərəli yaşayış qüllələri, həmçinin beş-altı yataq otaqlı villalardan və şəxsi bağları, su elementləri olan lüks malikanələrdən ibarət qapalı elit məhəllə daxil olacaq.
Layihə çərçivəsində “A” sinifli ofis sahələri, ticarət obyektləri, hotel kompleksləri, məktəblər, xəstəxanalar, məscidlər və mədəniyyət mərkəzləri də inşa ediləcək.
Baş plan beş fərqli zonadan ibarətdir və hər birinin öz konsepsiyası olacaq: biznes mərkəzi, şəhər rayonu, gənc ailələr üçün klaster və ailə yaşayış zonası. Şirkətin bildirdiyinə görə, layihə metro bağlantısı, ağıllı mobillik infrastrukturu və tətbiqlər əsasında idarəetmə sistemləri ilə “20 dəqiqəlik şəhər” prinsipi üzrə qurulacaq.
Ərazidə üzmək üçün yararlı laqunlar, sakit göllər, xətti bağlar, dolama axarlar, həmçinin idman meydançaları, akvaparklar, çimərlik zonaları və açıq sağlamlıq məkanları olan böyük rayon parkı yaradılacaq.
Tikinti şirkəti hələlik layihənin dəqiq yerini, mənzillərin sayını və satışların başlama tarixini açıqlamayıb.
Xatırladaq ki, iyunun 9-da “Alef Group” şirkəti Şarjada su üzərində yerləşəcək və investisiya həcmi 1 milyard dollar olan “Linar” yaşayış kompleksi layihəsini təqdim etmişdi.







