Amerikanın “Joby Aviation” şirkəti 2026-cı ildə Dubayda aerotaksi xidmətini istifadəyə verməyi planlaşdırır. Bu barədə şirkət nümayəndələrinə istinadən “NBC News” məlumat yayıb.
Qeyd edək ki, “Joby Aviation” BƏƏ-də elektriklə işləyən aero-taksinin sınaq uçuşunu həyata keçirən ilk şirkət olub. Test uçuşu noyabrın əvvəlində baş tutub. Hazırda texnologiyanın inkişafı ABŞ-də “Edvards” aviabazasında və BƏƏ-dəki meydançalarda davam edir.
Aerotaksilər akkumulyatorlarla işləyəcək və saatda 320 km-ə qədər sürət yığa biləcək. Rotor sistemi ilə təchiz olunmuş qurğu, məsələn, Əl-Məktum hava limanından Dubayın mərkəzinə səfəri 45 dəqiqədən 10 dəqiqəyə qədər qısaltmağa imkan verəcək.
Sifariş “Joby” və ya “Uber” tətbiqi vasitəsilə həyata keçiriləcək. Aerotaksi sərnişini birbaşa son nöqtəyə aparmayacaq — minmə və enmə xüsusi hazırlanmış vertiportlarda baş tutacaq. Son nöqtəyə qədər sərnişinlər avtomobil ilə çatdırılacaq.
Şirkətin məlumatına görə, bir səfərin qiyməti təxminən “Uber Black” tarifinə uyğun olacaq.
Bununla yanaşı, “Joby Aviation” optimal uçuş qrafiki üçün planlaşdırılan dörd meydançanın hər birində şarj stansiyalarının quraşdırılmasının vacib olduğunu qeyd edir.
İyun ayında ABŞ prezidenti Donald Tramp pilotsuz texnologiyaların inkişafını sürətləndirməyə və ABŞ-də uçan avtomobillərin sınaq proqramını yaratmağa yönəlmiş fərmanları imzalayıb. Lakin bəzi aviasiya ekspertləri hava məkanının yüksək yüklənməsi və tətbiq xərcləri səbəbilə bu cür xidmətlərin ABŞ meqapolislərində yaxın zamanda istifadəyə veriləcəyinə şübhə ilə yanaşırlar.








