“Audi” konserni Almaniyadakı zavodlarını bağlamağa başlayıb. Banker.az xəbər verir ki, bunun səbəbi pandemiyadan sonra yaranan mikrosxem çatışmazlığı olub. Və təkcə almanlar deyil, aparıcı elektronika istehsalçıları yaponlar da bu böhrana tab gətirə bilməyib.
Mikrosxem çatışmazlığının amilləri
“Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, “Toyota” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını 40% azaldıb. Şimali Amerikadakı zavodlarda isə korporasiya təxminən 90 min avtomobil istehsal edə bilməyib. İnteqral komponentlərin çatışmazlığı bir çox avtomobil istehsalçısına ziyan vurub: “Ford”, “Fiat”, “Chrysler”, “Nissan”, “Suzuki”, “Volkswagen”.
Sərhədlərin bağlı olması, təcrid rejimi səbəbindən artmaqda olan tələb, eləcə də tədarük problemləri elektron komponentlərin çatışmazlığı problemini yaradıb ki, bu da ilk növbədə avtomobil istehsalçılarına təsir göstərir.
Bu vəziyyətdən çıxış yolu yarımkeçirici məhsulların istehsalı üçün ayrıca müəssisələrin inşası da ola bilər. Lakin bunun üçün çox vaxt və pul lazımdır:
– patentlərin əldə edilməsi;
– avadanlığın alınması;
– istehsal gücünün qurulması;
– laborator və elmi tədqiqatların aparılması və digər xərclər üçün.
Eyni zamanda texniki parametrlərin və proqram təminatının istehsalçıların cihazları ilə uyğunluğunu həyata keçirə biləcək mütəxəssislərin işə götürülməsi. Bu, çox çətin bir işdir – əgər o yerinə yetirilməsə, istehsal olunan məhsullar rəqabətli olmayacaq.
Avtomobil istehsalçıları üçün mikrosxem çatışmazlığının nəticələri nədir?
Buna baxmayaraq, avtomobil sənayesi üçün öz istehsalını inkişaf etdirməkdənsə, çip almaq daha sərfəlidir. Onlar hətta qiyməti qaldırmağa və lazım gələrsə, komponent bazasını dəyişdirməyə hazırdırlar.
Aşağıdakı avtomobil nəhəngləri yarımkeçirici komponentlərin çatışmazlığından zərər çəkib:
“Ford” – Ohayo ştatındakı zavodlarının işini dayandırır;
“Honda” – ABŞ, Meksika və Kanadada 6 zavodda istehsalı dayandırır;
“Hyundai” – istirahət günlərində istehsalı dayandırmaqla miqyası azaldır;
“Volvo” – yük maşınlarının istehsalını azaldır;
“Nissan” – ABŞ və Meksikadakı zavodlar istehsal həcmini azaldır;
“Toyota” – Çexiyadakı zavodlarının fəaliyyətini dayandırır, istehsal gücünü azaldır;
“Volkswagen” – Portuqaliyada istehsalı müvəqqəti olaraq dayandırır;
“Mitsubishi” – istehsalı 5 min avtomobil azaldıb.
Mövcud böhrandan çıxmaq üçün tədbirlər
Bir çox avtomobil istehsalçısı radio elementlərinin çatışmazlığı ilə bağlı problemlərin olacağını əvvəlcədən proqnozlaşdırıb və ehtiyat yığmağa qərar verib. Məsələn, “Toyota” 2020-ci ildə böyük miqdarda mikrosxem alıb və istehsalı dayandırmağı planlaşdırmadığını açıqlayıb.
Qeyd edək ki, Co Baydenin göstərişi ilə ABŞ gələcəkdə çip istehsalı üçün 37 milyard dollar ayırmağı planlaşdırır. “Intel” şirkəti isə artıq iki zavodun inşasına 20 milyard dollar sərmayə qoyub.